"Ölkəmizdə biznes ekomühitinin yaxşılaşdırılmasının mühüm bir qolu iqtisadiyyatın gömrük-vergi tənzimləməsi sisteminin təkmilləşdirilməsi ilə bağlıdır".
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən "Gömrük Biznes Forumu 2023" tədbirində bildirib.
O qeyd edib ki, dövlətin investisiya mühitinin cəlbediciliyini artırmaq üçün fiskal alətlərdən aktiv istifadə etməsi ümumi prosesə müsbət təkan verir: "Son illərdə sahibkarlıq subyektlərinə əlçatan gömrük alətlərinin, rasional gömrük prosedurlarının təqdim edilməsi istiqamətində mühüm addımlar atılıb, eləcə də gömrük sahəsində elektron bəyanetmə və “yaşıl dəhliz” buraxılış sistemlərinin, yeni innovativ texnologiyaların tətbiqi öz müsbət nəticəsini verməkdədir. Bu il yerli istehsalda istifadə olunan 300-ə yaxın aralıq mal idxal gömrük rüsumlarından azad edilib. Bu addım yerli istehsalın maya dəyərinin azalmasında, ixracın və yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artmasında mühüm rol oynayıb".
E.Əliyev vurğulayıb ki, iqtisadiyyatımız qarşısında duran mühüm məsələlərdən biri Azərbaycanın ixrac potensialının artırılmasıdır: "Hazırda qeyri-neft ixracının artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə 10 ölkə ilə Azad Ticarət Sazişi və Türkiyə Respublikası ilə preferensial ticarət Sazişi qüvvədədir".