Toyuq əti istehsalı ilə məşğul olan “Şəfa Broyler” şirkəti bütün növ məhsullarının qiymətini 15 faiz artırıb.
FED.az xəbər verir ki, şirkət qiymət artımına rəsmi olaraq aprel ayının 17-dən start verib. Sözügedən qurum qiymət artımına ciddi səbəb göstərməsə də, bütün satış mərkəzlərində məhsullarının qiymətini yüksəldib. Belə ki, bundan əvvəl kiloqramı 3 manat 50 qəpiyə satılan “Şəfa Broyler” toyuqları 4 manat 30 qəpiyə qaldırılıb. Bununla belə şirkətin “döş əti” filesi adı ilə dondurulmamış məhsulu bundan əvvəl 5 manat 90 qəpiyə satılırdısa, hazırda 6 manat 40 qəpiyə yüksəldilib. Eyni qiymət artımı şirkətin digər toyuq əti məhsullarında da müşahidə edilir. Şirkət bütün növ toyuq əti məhsullarını ən azı 0.60 qəpik – 1 manat arası qaldırıb.
Onu da qeyd edək ki, şirkətin qiymət artımından bəzi market şəbəkələri də yararlanır. Misal üçün “Şəfa Broyler” şirkətini “Təzə File açıq” məhsulunu ”Bizim market”ə satışını 6 manat 14 qəpiyə tövsiyə etməsinə baxmayaraq, market bu məhsulu alıcılara 6 manat 35 qəpiyə tövsiyə edir.
“Cənub Broyler”, “Kənd Broyler” və digər toyuq məhsulları istehsal edən şirkətlər də qiymət artımına gedib.
Unikal.org