Abşeron rayonu artıq 6 ildir ki, dövlət büdcəsindən dotasiya almır, əksinə, rayonda toplanan vergilərin yerli xərclərdən artıq hissəsi dövlət büdcəsinə ödənilir.
FED.az xəbər verir ki, bu barədə oktyabrın 17-də Abşeron Rayon İcra Hakimiyyətində keçirilən toplantıda bildirilib. İclasda deyilib ki, bu il rayonun yerli xərclərindən artıq olan 23,5 milyon manatın dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulub.
Hesabat dövründə Abşeronun büdcəsinin yerli gəlirlər proqnozu 24,3 milyon manata qarşı 27,1 milyon manat və ya 11 faiz artıq yerinə yetirilib. Nəticədə büdcəyə nəzərdə tutulduğundan 2,8 milyon manat əlavə vəsait daxil olub. Bütövlükdə, 2017-ci ilin 9 ayı ərzində rayonun yerli büdcəsinin icrası investisiya xərcləri də nəzərə alınmaqla 10,5 milyon manat proqnoza qarşı 8,3 milyon manat və ya 79 faiz icra olunub.
45 hektar «parnik» salınıb
İclasda bildirilib ki, 2017-ci ildə rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi artıb. Məsələn, bu il 774 hektar taxıl sahəsindən 1164 ton, 664 hektar tərəvəz sahəsindən isə 50 min 227 ton məhsul əldə olunub. Bu il rayonun inzibati və təhkim olunmuş kənd təsərrüfatı torpaqlarında 10 sahibkar tərəfindən 45,3 hektar sahədə müasir tipli istixanalar tikilib istifadəyə verilib. Qəsəbə və kəndlərdə əhali və fermer təsərrüfatlarında qaramalın sayı 21 min 732 başa, davarın sayı 107 min 846 başa, quşların sayı isə 992 min başa çatıb. Hesabat dövrü ərzində 1822 ton ət, 31230 ton süd istehsal olunub, yumurta istehsalı isə artaraq 148 milyon ədədə çatıb.
Zeytun və badam pul gətirəcək
Rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları genişləndirilir. Hazırda Aşağı Güzdək ərazisində 330 hektar sahədə zeytun əkilməsi ilə bağlı işlər sürətlə davam etdirilir. Artıq 22 min ədəd zeytun tingi əkilib. Eyni zamanda, keçmiş 3 saylı zeytun sovxozunun ərazisində yeni badam bağlarının salınması məqsədilə 210 hektar torpaq ayrılıb və bunun artıq 80 hektarı salınıb.
Bu rayon 6 ildir büdcədən dotasiya almır
09:25
18 Okt 2017