2025-ci ildə Azərbaycanda iqtisadi artım ilini əvvəlində gözlənilən həddən daha aşağı olacaq. Azərbaycan hökuməti ölkədəki iqtisadi artım üzrə proqnozları azaldıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı «Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər» adlı hesabatında bildirilir.
Hələlik pis deyil: Büdcədə 70 dollar hesablanan neftin - 6 AYLIQ QİYMƏTİ AÇIQLANDI
Hökumətin proqnozlarına görə, 2025-ci ildə 3,5% iqtisadi artım gözlənildiyi halda, bu proqnoz dəyişdirilərək 3%-ə endirilib.
Hökumət bu addımında dünyadakı iqtisadi vəziyyəti, xüsusilə neftin qiyməti ilə bağlı yeni proqnozları əsas götürüb. Belə ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, bu il neftin qiyməti 68,2 dollar, Dünya Bankının proqnozlarına görə 66 dollar, ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) proqnozlarına görə isə 69 dollar gözlənilir.
«Yuxarıda qeyd olunan qlobal və regional iqtisadi reallıqlar, xüsusilə də dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən proseslər milli iqtisadiyyata da təsirsiz ötüşməmişdir və İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra proqnozların yenilənməsini zəruri etmişdir. Belə ki, 2025-ci ilin ilk 6 ayında qeydə alınmış makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı ilə bağlı makroiqtisadi proqnozlar yenilənmişdir.»-deyə nazirliyin açıqlamasında bildirilir.
Doğrudur, beynəlxalq təşkilatların bədbin proonozlarına baxmayaraq 2025-ci ilin dövlət büdcəsində neftin orta ixrac qiyməti yenə də baza ssenarisi üzrə 70 dollar həddində saxlanılıb.
Yeni proqnozlara əsasən, 2025-ci ildə ÜDM-in real artımı 3,0 faiz olacaq. Bu əvvəlki proqnozlar 0,5% azdır. Xatırladaq ki, ilin əvvəlində 2025-ci ildə ölkədə iqtisadi artımın 3,5% olacağı gözlənilirdi.
Hökumətin açıqlamasından məlum olur ki, problem təkcə neft sektorunda deyil, qeyri-neft sektoru da gözləniləndən az artıb. Söhbət kənd təsərrüfatı və nəqliyyat sahələrindən gedir.
«Kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərmişdir. Belə ki, 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,9 faizdən 4,6 faizə endirilmişdir»-deyə nazirliyin açıqlamasında bildirilir.
Doğrudur, Ümumi Daxili Məhsulun həcmi üzrə proqnozlar artırılıb. Belə ki, 2025-ci ilin əvvəlində ölkədə 129,2 milyard manat ÜDM həcmi proqnoz edilsə də, bu rəqəm indi 129,9 milyard manata (0,7 milyard manat artıq) qaldırılıb. Eyni zamanda qeyri-neft ÜDM-nin həcminin əvvəl nəzərdə tutulan 92,2 milyard manat əvəzinə 93,5 milyard manata (1,3 milyard manat artıq) çatacağı gözlənilir.
Amma bu artım daha çox inflyasiyanın nəticəsidir. Belə ki, hökumət bu il inflyasiyanın əvvəlcə gözlənilən kimi 4,6% deyil, 5,4% olacağını gözləyir:
«2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4,6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqust ayında təqdim edilmiş proqnoza əsasən inflyasiya 5,4 faiz səviyyəsində gözlənilir. Buraya cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər və sair digər amillər təsir etmişdir»-deyə nazirlik bildirir.