Bu gündən etibarən Gürcüstanın bütün yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın 1 litri 4-5 tetri bahalaşıb.
Fed.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Neft Məhsulları İdxalçıları Assosiasiyasının rəhbəri Vano Mtvralaşvili qiymət artımını iki amillə əsaslandırıb.
Dünya bazarında neftin bahalaşması və milli valyutanın (lari) devalvasiyası ilə: "OPEC ölkələri neftin hasilatının azaldılması ilə bağlı razılığa gəldi. Bu razılaşma neftin bahalaşmasına hesablanıb. Razılığa digər iri neft istehsalçıları da qoşulub. Lakin qiymət artımına daxili amil də təsir göstərir. Söhbət larinin devalvasiyasından gedir. Devalvasiya son 1-2 ay ərzində az qala hər gün hiss edilir. Hər iki amil yanacağın bahalaşmasına səbəb oldu".
"Senta" şirkətinin rəhbəri Zaala Yakobidze isə bildirib ki, indiki şəraitdə yanacağın qiymətini stabil saxlamaq mümkün deyil: "Bizdə qiymətlər dünya bazarında baş verən proseslərə adekvat dəyişir".