Bu gün İsveçrənin Davos şəhərində ənənəvi Dünya İqtisadi Forumu (WEF) işinə başlayır.
FED.az xəbər verir ki, dünyadakı siyasi vəziyyət və Ukraynadakı müharibə forumun işinə də təsirini göstərib. Son 35 ildə ilk dəfə olaraq forumun işində Rusiya iş adamları və rəsmiləri iştirak etməyəcək.
Mayın 26-dək davam edəcək toplantı 2020-ci ildən bu yana ilk dəfə adi rejimdə keçiriləcək. Belə ki, 2021 və 2022-ci ilin əvvəllərində Davos İqtisadi Forumu koronavirus məhdudiyyətləri səbəbindən yalnız onlayn formatda keçirilmişdi.
Siyasi və işgüzar elitanı bir araya gətirən forumda Ukraynadakı vəziyyət, təxirəsalınmaz humanitar məsələlər, təhlükəsizlik problemləri, pandemiyadan sonra iqtisadiyyatların bərpası, iqlim dəyişikliyi ilə mübarizə və dördüncü sənaye inqilabı texnologiyalarından istifadə məsələləri müzakirə olunacaq.
Builki forumun əsas mövzusu: «Tarixdə dönüş nöqtəsi: dövlət siyasəti və biznes strategiyaları»dır. Forum iştirakçıları Rusiyanın Ukraynaya müdaxiləsi, Ukrayna infrastrukturunun bərpası, COVID-19 pandemiyası və iqlim dəyişikliyi məsələlərini müzakirə edəcəklər.
Forum çərçivəsində keçirilən konfransda Ukrayna Prezidenti Volodimir Zelenski də çıxış edəcək.
Ümumilikdə forum çərçivəsində keçirilən tədbirlərə 2,5 milyon nəfərin qatılacağı gözlənilir. O cümlədən burada 50-yə yaxın dünya lideri iştirak edəcək. Onların arasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, BQXK-nın rəhbəri Peter Maurer, BVF-nin rəhbəri Kristalina Georgiyeva, Polşa Prezidenti Anjey Duda, NATO-nun baş katibi Yens Stoltenberq də var.