Bü gün, oktyabrın 19-da Türkiyənin İzmir vilayətində Azərbaycanın xarici ölkələrdə ən böyük yatırımı sayılan SOCAR-a məxsus «Star» Neft emalı zavodu (NEZ) fəaliyyətə başlayacaq. FED.az xəbər verir ki, böyük vəsait hesabına inşa ediən müəssisənin açılışında Azərbaycan və Türkiyə prezidetləri İlham Əliyev və Rəcəb Tayib Ərdoğan da iştirak edəcək.
Türkiyənin tələbatının böyük hissəsini ödəyəcək
“Star” neft emalı zavodunun baş direktoru Mesut İlter bildirib ki, zavod tam gücü ilə 2019-cu ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək. “Star” NEZ Türkiyənin xarici məhsullardan asılılığının və cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Belə ki, bu zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” neftayırma zavodu 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq.
Həmçinin zavodun işə düşməsi ilə Türkiyədə mayeləşdirilmiş neft qazın (LPG) idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.
6,3 milyard dollar yatırım edilib
Qeyd edək ki, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. NEZ-ə ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb.
Tələb olunan neft Rusiyadan da alınacaq
SOCAR-ın ötən ay “Rosneft”lə imzaladığı Kontrakta görə isə bu ilin dekabr ayından etibarən bir il ərzində “Star” NEZ-ə 1 milyon ton Rusiya xam nefti təchiz olunacaq. SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb.
1100 nəfərlik əlavə iş yeri
“SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) hədəfləri arasında böyük əhəmiyyətə malik neft-emalı və neft-kimya inteqrasiyasını təmin edəcək, qrupa daxil olan şirkətlərdən biri olan və Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman burada 1100 nəfərlik yeni iş yeri yaradılacaq.
“Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq.
Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.