ABŞ-ın gündəlik xam neft hasilatı geriləyib. Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. FED.az xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı əvvəlki həftə ilə müqayisədə 100 min barrel azalaraq gündəlik 12,2 milyon barrel səviyyəsində olub. Lakin bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib. Xam neft istehsalı əvvəlki həftəyə görə Alyaska ştatında 5 min barrel artıb, digər ştatlarda isə 105 min barrel azalıb. Beləliklə də Birləşmiş Ştatların sutkalıq neft hasilatında son 71 həftənin 19-da azalma qeydə alınıb.
Ölkədə gündəlik neftin istehsalı yanvarda 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda 12,2 milyon barrelə, apreldə isə 12,3 milyon barrelə yüksəlib.
Keçən həftə ABŞ-ın neft idxalı isə əvvəlki həftəyə görə 919 min barrel artaraq gündəlik 7,61 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 1,02 milyon barrel çoxalaraq sutkada 3,34 milyon barrel olub.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,45 milyon barrel, gələn il isə 13,4 milyon barrel təşkil edəcək.