2022-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $3 milyard 220,592 milyon təşkil edib.
Eləcə də bax: Azərbaycandan ilk 6 ayda 5 milyard dollardan çox kapital - ÇIXARILIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $2 milyard 635,666 milyon təşkil edib. Beləliklə, 2022-ci ilin birinci yarısı ərzində birbaşa xarici investisiyaların həcmi 22,2% artıb.
2022-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1 milyard 814,146 milyon, ikinci rübdə - $1 milyard 406,446 milyon təşkil edib.
2022-ci ilin 6 ayı üzrə tədiyə balansına əsasən, birbaşa xarici investisiyaların 65,9%-i (2021-ci ildə 82,8%-i) neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $1 milyard 97,7 milyon (artım 2,4 dəfə), xüsusi çəkisi 34,1% təşkil edib (2021-ci ilin birinci yarısında – 17,2%).
AMB-nin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə lider ölkələrin beşliyinə Böyük Britaniya ($843,081 milyon, azalma 4,5%), Türkiyə ($480,791 milyon, artım 29,6%), Kipr ($449,927 milyon, artım 2,6 dəfə), ABŞ ($189,26 milyon, azalma 39,7%) və RF ($280,155 milyon, artım 10 dəfə) daxildir.
Azərbaycana birbaşa investisiyaların həcminə görə ölkələrin ilk onluğuna Yaponiya ($134,226 milyon), İran ($170,589 milyon), Norveç ($75,234 milyon), İsveçrə ($138,288 milyon) və BƏƏ ($46,813 milyon) daxildir.
2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 2020-ci illə müqayisədə 5,9% artaraq $4 milyard 795,3 milyon təşkil edib. (İnterfaks-Azərbaycan)