Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Patent və Əmtəə Nişanları Mərkəzi mütamadi olaraq Azərbaycana məxsus coğrafi adların xarici ölkələrdə əmtəə nişanı kimi qeydiyata alınmasını müşahidə edir.
FED.az xəbər verir ki, bunu açıqlamasında Mərkəzin baş direktoru Günel Sevdimaliyeva son vaxtlar Azərbaycan brendlərini xarici ölkələrin oğurlaması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Meksikada, eləcə də bir sıra Avropa ölkələrində belə halların olduğunu aşkar edib: "Məsələn, Latviyada Ağdam şərabı qeydiyyata alınmışdı. Bununla əlaqədar həmin ölkənin patent qurumuna müraciət etdik. Təəssüf ki, belə hallar çoxdur. Bütün dövlətlərin, o cümlədən Azərbaycanın da qanunvericiliyində də belədir ki, qeydiyyatla bağlı mübahisələrə ancaq məhkəmə müstəvisində baxılır. Yəni, qeydiyyat olubsa, patent ofisi hüquqi tədbir görə bilmir. O, sadəcə bu cür halların təkrarlanmamasını təmin edə bilir. Ötən həftə İspaniyanın, Xorvatiyanın patent ofisindən cavablar alımışıq ki, bu hallar təkrarlanmayacaq. Hətta Rusiyada da öhdəlik götürürlər ki, belə hallar təkrarlanmayacaq. Əlimizdən gələni edirik ki, bu cür halların qarşısını alaq".