İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sentyabrın 23-də Beyləqan rayonunda istehlakçıların hüquqlarının qorunması sahəsində xüsusi əhəmiyyət kəsb edən maarifləndirmə tədbirləri çərçivəsində növbəti konfrans keçirilib.
Nazirlikdən Fed.az-a verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 130-dən çox istehlakçı iştirak edib.
"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov ölkə iqtisadiyyatının möhkəm təməllər üzərində qurulduğunu və inkişaf etdiyini, aparılan məqsədyönlü siyasət nəticəsində ölkədə işgüzar fəallığın artdığını, istehlakçıların hüquqlarının qorunmasına dövlət qayğısının yüksəldiyini, bu sahədə etibarlı təminat sisteminin yaradıldığını və dövlət siyasətinin həyata keçirildiyini diqqətə çatdırıb.
Konfransda Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edərək, tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat veriblər. İstehlakçı hüquqlarının müxtəlif aspektlərini əhatə edən məruzələrdən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən istehlakçı hüquqları, ticarət və xidmət qaydaları, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə tədbir iştirakçılarının sualları cavablandırılıb, iştirakçılara istehlakçı hüquqlarına dair 18 adda maarifləndirici bukletlər paylanılıb.
Tədbir çərçivəsində həmçinin, “Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik” mövzusunda təlim keçirilib. Təlimdə rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların mütəxəssisləri iştirak ediblər. İştirakçılar dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırılıblar.
Qeyd edək ki, təlim kurslarının təşkil olunmasında məqsəd dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılmasıdır.