Hindistandan İranın Bəndər-Abbas limanına daxil olan yüklər Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq.
FED.az xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xatəmi deyib.
O bildirib ki, bir neçə gündən sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi İran Prezidentinin iştirakı ilə istismara veriləcək. İran və Azərbaycanın Astara şəhərlərini birləşdirən dəmir yolu artıq istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir.
X.Xatəminin sözlərinə görə, Asiya ilə Avropanın nəqliyyat baxımından birləşməsinə bir addım qalıb. Bu addım isə Rəşt-Astara yolunun tikintisinin yekunlaşmasıdır. Bundan sonra Hindistan nəqliyyat baxımından Avropa ilə birləşəcək: “Yüklərin çatdırılma vaxtı 20 gün, nəqliyyat xərcləri isə 40 faizə qədər azalacaq. Bu yolla ildə 30 milyon ton yük daşınacaq”.