Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru Şəmşir Vayalilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycanın investisiya və biznes mühiti, əczaçılıq sənayesinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.
“VPS Healthcare” şirkətinin fəaliyyəti barədə məlumat verən Şəmşir Vayalil ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu və Azərbaycanda əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanları qeyd edib.
Sonra “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəddə Azərbaycanda beynəlxalq standartlara uyğun birgə dərman istehsalının təşkili üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, səhiyyə sahəsində dünyada tanınmış şirkətlərdən olan “VPS Healthcare” şirkətinin 20 ixtisaslaşmış klinikası, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Hindistanda 13 brenddə xəstəxana və sağlamlıq mərkəzləri, Dubayda “LİFEPharma” əczaçılıq zavodu, Hindistanda stomatologiya kolleci və s. fəaliyyət göstərir. “LİFEPharma” dərman zavodunun məhsulları Asiya, Avropa, Şimali və Cənubi Amerikaya ixrac olunur. Şirkətin daha bir əczaçılıq zavodu Əbu Dabidə tikilir.
BƏƏ-nin “VPS Healthcare” şirkəti ilə Anlaşma Memorandumu imzalanıb
17:25
8 Fev 2017