Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İnsan Resursları üzrə Federal Qurumunun müəyyən etdiyi yeni iş qaydalarına əsasən, bu ölkədə federal hökumət işçiləri dördgünlük iş həftəsinə keçmək hüququ qazanacaqlar.
Azərbaycan və BƏƏ vətəndaşları hər iki ölkəyə vizasız gedib - 3 AY QALA BİLƏCƏK
FED.az xəbər verir ki, iyulun 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, dövlət işçilərinin artıq təyin olunmuş həftəlik iş saatları dörd gün ərzində gündəlik 10 saatdan və ya həftədə 40 saatdan çox olmayacaq. Bu iş rejimi həm işçinin, həm də işəgötürənin razılığını tələb edir. Özəl sektorda çalışanlar üçün isə heç bir qayda müəyyən edilməyib.
Dördgünlük məhdud iş rejimi BƏƏ-də dövlət işçiləri üçün yeni İnsan Resursları qanununda nəzərdə tutulan bir sıra iş modellərdən biridir. Bu plan həm ölkə daxilində, həm də xaricdə çalışan hökumət işçilərinə uzaqdan işləməyə və hibrid işə də imkan verir.
BƏƏ-nin rəsmiləri bildiriblər ki, İnsan Resursları haqqında yeni qanun çevik iş modelləri hazırlamaq və dövlət qurumlarını daha səmərəli etmək üçün nəzərdə tutulub. Bu federal qərardan əvvəl Şarja Əmirliyi 2022-ci il yanvarın 1-dən işçilər və tələbələr üçün dördgünlük iş həftəsini tətbiq etməyə başlayıb.
Hazırda digər Körfəz ölkələri də daha qısa iş həftəsinin tətbiqi imkanlarını araşdırır. Bu ilin martında Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi iş həftəsini qısaltmaq üçün üçgünlük istirahət rejiminin tətbiqi imkanını nəzərdən keçirdiyini bildirib. (Azərtac)