“ABŞ prezidenti Cozef Baydenin “erməni soyqırımı”nı məhz indi tanıması sırf geosiyasi addımdır və xüsusilə 44 günlük Vətən müharibəsindən sonra regionda mövqeləri xeyli zəifləmiş Vaşinqtonun ehtiyaclarından irəli gəlir. Bu bəyanat lokal miqyasda Ermənistandakı parlament seçkilərinə təsirsiz ötüşməyəcək. Regional anlamda isə təbii ki, Zəngəzur dəhlizinə qarşı yönəlmiş addımdır”.
Eləcə də bax: "Biz Zəngəzur dəhlizini Ermənistan istəməsə zorla həll edəcəyik"
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev ABŞ prezidentinin “erməni genosidi”ni tanımasını şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, “erməni genosidi” iddiasının heç bir hüquqi əsası yoxdur, çünki məhkəmə vasitəsilə sübuta yetirilməyib. Üstəlik, erməni tərəfi məsələni məhkəməyə çıxarmaqdan və arxivlərini açmaqdan qorxur. “Türkiyə ABŞ üçün artıq İkinci Dünya Müharibəsindən sonrakı ölkə deyil. Türkiyə müstəqil xarici siyasət yeridən, güclü hərbi-siyasi vahiddir. Türkiyə ilə geniş geosiyasi arealda hesablaşmaq lazımdır. Ona görə də qardaş ölkə ABŞ-ın ehtiyacları baxımından maraqlı deyil. Çox güman ki, biz Vaşinqtonun prioritetlərinin praktiki dəyişilməsini müşahidə edirik. Məsələn, ABŞ-ın Ermənistan paytaxtında ən iri səfirliklərindən birini açmasına da bu qəbildən baxmaq lazımdır” – deyə deputat bildirib.
E.Allahverdiyev hesab edir ki, Yerevanda eyforiya sürsə də, ermənilər bir müddət sonra bu qərarın onları dalana saldığını hiss edəcəklər: “Parlament seçkiləri ərəfəsində Rusiya hər vəchlə çalışır ki, nəticələri xeyrinə çevirsin. Dağlıq Qarabağda rus sülhməramlılarının narazılığımıza səbəb olan davranışları, Ermənistanda eks-prezident Robert Koçaryanın qismində köhnə qvardiyanı reabilitasiya cəhdləri bu qəbildəndir. Hətta hakimiyyətə Qərbpərəst qüvvə kimi gələn Paşinyan da Moskvaya doğru reveranslar etmək məcburiyyətindədir. Bu baxımdan, şübhə yoxdur ki, ABŞ da geri qalmaq istəmir. Vaşinqtonda anlayırlar ki, bölgədə Rusiyaya məğlub olsalar, mövqelərini uzun müddət bərpa edə bilməyəcklər”.
Deputatın fikrincə, “soyqırımı”nın tanınması eyni zamanda, Zəngəzur dəhlizinə qarşı yönəlmiş hərəkətdir. Çünki indi yaranmış vəziyyət Ermənistanla Türkiyənin perspektiv münasibətlərinə kölgə salır. “Baydenin nitqindən bir neçə saat əvvəl rəsmi Yerevanın XİN səviyyəsində “hər hansı şərtsiz” Türkiyə ilə münasibətlər qurmağa hazır olduqlarını bəyan etməsi də təsadüfi deyil. Ermənilər iki odun arasında qalıblar. 10 noyabr bəyanatının bəndlərindən biri Zəngəzur dəhlizini ehtiva edir. Bu dəhlizin təhlükəsizliyi Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən təmin olunmalıdır. Rusiya bu yolla Türkiyəyə və ardınca da Ərəb dünyasına açılmaq istəyir. ABŞ-ın müdaxiləsi bu niyyətin reallaşmasını əngəlləyən amildir. Ermənistan nə edəcək? Yaxın gələcəyin ən maraqlı və cavabı axtarılacaq suallarından biri məhz budur. Çünki 10 noyabr bəyanatının altında Rusiya prezidentinin imzası var” – deyə E.Allahverdiyev vurğulayıb.
Millət vəkilinin qənaətinə görə, ABŞ-ın bu gedişi Türkiyəni ondan tamamilə uzaqlaşdıracaq və istisna deyil ki, Vaşinqton bununla geosiyasi va-banka gedir: “44 günlük müharibənin nəticələri ABŞ-ı regiondan kənarda qoyub. Baydenin problemə birbaşa təsir rıçaqları yoxdur, Vaşinqton faktiki olaraq nizamlama prosesində iştirak etmir, Minsk qrupu fəaliyyətsizdir. Postmüharibə dövrünün məhsulu olan iqtisadi layihələrin reallaşması Amerikanın təsir imkanlarını heçə endirir. Bu baxımdan, Bayden administrasiyasının kəmhövsələ hərəkəti anlaşılandır”.