Başqırdıstanın iri ət emalı şirkəti – Tuymazinski "SAVA" Azərbaycana məhsul ixrac etməyə başlayacaq.
Eləcə də bax: Azərbaycana ət, süd və kərə yağının idxalı - ARTIB
FED.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, şirkət bu hüququ nəzarət qurumunun apardığı yoxlama nəticəsində əldə edib.
İdarə mütəxəssisləri istehsal proseslərinə və sexlərə baxış keçirib, müəssisənin texnoloji xüsusiyyətlərini qiymətləndiriblər. Bundan əlavə, ət məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən laboratoriya tədqiqatlarının protokolları öyrənilib.
Aparılan işlərin nəticələrinə görə, regional “Rosselxoznadzor”un mütəxəssisləri ət emalı zavodunun Azərbaycanın baytarlıq-sanitariya tələblərinə cavab verdiyini təsdiq ediblər.
Müəssisəyə Azərbaycanla yanaşı Tacikistan və Özbəkistana da ət məhsullarının ixracı üçün icazə verilib. (Apa)