Avropa İttifaqının (Aİ) Brüsseldəki səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
ABŞ hökuməti Azərbaycan şirkətinə – SANKSİYA TƏTBİQ ETDİ
FED.az xəbər verir ki, “Aİ-nin səfirləri güclü və əhəmiyyətli 14-cü sanksiya paketi üzərində razılığa gəliblər”, - deyə sədrliyin bəyanatında bildirilir. Yeni paketin mahiyyəti hələ açıqlanmır, sadəcə qeyd edilir ki, onların effektivliyini artırmaq üçün əvvəlki sanksiyalar paketləri ilə əlaqədar həm məqsədyönlü məhdudiyyətlər, həm də boşluqların aradan qaldırılması tədbirləri var.
İndi bu sanksiya paketi Aİ-nin bütün dövlətlərinin nazirləri tərəfindən təsdiqlənməli, bundan sonra dərc olunaraq qüvvəyə minməlidir. Avropa Komissiyası onu Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı iyunun 25-nə planlaşdırılan danışıqlar başlamazdan əvvəl qüvvəyə mindirməyə çalışır.
Bundan əvvəl Brüsselin “EU Observer” portalı sənəd layihəsinə istinadla bu paketin əsas müddəalarını dərc edib. Brüssel mayeləşdirilmiş təbii qazın tədarükünə və Rusiya Federasiyasından helium idxalına məhdudiyyətlər tətbiq etmək niyyətindədir. Layihəyə görə, paket neft tankerləri donanmasına qarşı sanksiyaları və “ikili istifadə texnologiyalarına” girişi məhdudlaşdırmağı ehtiva edir.
Aİ, həmçinin müğənni Polina Qaqarina da daxil olmaqla 20-dən çox fiziki şəxsi və 22 hüquqi şəxsi qara siyahıya salmaq niyyətindədir. Məhdudiyyətlərə, həmçinin Rusiya Mis Şirkətinin təsisçisi İqor Altuşkin, “Carlsberg Group”un Rusiya aktivlərinin köçürüldüyü “Baltika” pivə istehsalı şirkətinin prezidenti Teymuraz Bolloyev, AEON korporasiyasının təsisçisi Roman Trotsenko, İnternet İnkişaf İnstitutunun (ANO IRI) baş direktoru Aleksey Qoreslavski də daxildir. Bundan əlavə, siyahıya müdafiə rəhbərləri, hökumət rəsmiləri və enerji şirkətləri daxil ediləcək. Fiziki şəxslərə qoyulan məhdudiyyətlər Aİ-yə girişin qadağan edilməsini, habelə cəmiyyətin yurisdiksiyasında olan aktivlərinin dondurulmasını əhatə edəcək.
Rusiya tərəfi əvvəllər dəfələrlə ona qarşı tətbiq edilən məhdudiyyətlərin qeyri-qanuni olduğunu qeyd edib və onların bu sanksiyaları tətbiq edənlər üçün əks effekt və əlavə xərclərə səbəb olacağını vurğulayıb. (Azərtac)