Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans işə başlayıb.
FED.az xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyasının (PA) İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, Komissiya çərçivəsində daha səmərəli və çevik koordinasiya/kommunikasiyanın təşkil edilməsi, eləcə də inklüzivliyin və vahid sinerjinin yaradılması hədəflənir.
O qeyd edib ki, bu il üçün əsas hədəflər islahat təşəbbüslərinə özəl sektorun və maraqlı tərəflərin daha geniş cəlb edilməsi, işçi qruplarda təmsil olunan özəl sektor nümayəndələrinin rolunun gücləndirilməsidir.
"Ötən il komissiya çərçivəsində bir sıra iqtisadi təşəbbüslər irəli sürülüb, islahat layihələri hazırlanaraq aidiyyəti qaydada təsdiq edilib. Komissiyanın mandatına uyğun olaraq aidiyyəti dövlət qurumlarının təşəbbüsü ilə prioritet istiqamətlərdə 5 yeni işçi qrup və 2 yeni əlaqələndirmə qrupu yaradılıb. Ümumilikdə, komissiya çərçivəsində 25 işçi qrup, 2 əlaqələndirmə qrupu və spesifik sahələr (ekoloji nəqliyyat, elmi potensial, sərhəddə ticarət) üzrə 4 altqrup fəaliyyət göstərir və komissiyanın işçi qruplarının üzvlərinin ümumi sayı 660-dan çoxdur", - deyə PA rəsmisi əlavə edib. (Report)