14-15 dekabr tarixlərində Azərbaycanın paytaxtı Bakıda Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (İTMK - İTFC) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və MDB ölkələri arasında ticarətin inkişafına həsr olunmuş qiymətləndirmə seminarı keçirilib.
Seminarda İTMK-nin nümayəndələri və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət və özəl qurumlarının, müvafiq təşkilatlarının, o cümlədən ticarət və ixrac tənzimləyici qurumları olan iqtisadiyyat və ticarət nazirliklərinin, gömrük xidmətlərinin nümayəndələri iştirak edib.
Tədbirdə həmçinin beynəlxalq təşkilatların – BMT-nin Azərbaycan nümayəndəliyi, BMT İnkişaf Proqramı (BMTİP, UNDP), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), ECO Trade İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD), Asiya İnkişaf Bankı (AİB, ADB), İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (ICYF-ERC) və digər qurumların təmsilçiləri iştirak edib.
Azərbaycandan seminarda İqtisadiyyyat Nazirliyi, AZPROMO, KOBİA, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidməti, eləcə də Azərbaycan Mərkəzi Bankı (AMB), Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və ixracla məşğul olan bir sıra özəl şirkətlər təmsil olunub.
Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasını (İTMK - ITFC) Baş əməliyyat direktoru Nazim Nordalinin (Nazeem Noordali) rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Seminarda Ticarətin İnkişafı Proqramı üzrə ətraflı plan təqdim edilib. Bu Proqram, ixracyönümlü sektorun inkişafı və ticarət təşəbbüsləri də nəzərə alınmaqla, adı çəkilən MDB ölkələri arasında inklüziv iqtisadi artıma nail olmaq və regional iqtisadi inteqrasiyanı təşviq etmək məqsədi daşıyır.
Tədbirdə İqtisadiyyat Nazirinin müşaviri Emil Məcidov çıxış edərək region ölkələri, xüsusilə də İƏT üzvləri arasında ticarətin inkişafının əhəmiyyətini, bu sahədə böyük potensialın olduğunu, eləcə də proqramda nəzərdə tutulan tədbirlərin aktuallığını qeyd edib.
Seminarda dövlət-özəl sektor tərəfdaşlığı (DÖST), beynəlxalq təşkilatlar və regional layihələr, eləcə də İTMK-nin dəstəyi baxımından ticarətin inkişaf imkanları nəzərdən keçirilib, ölkələr üzrə təqdimatlar dinlənilib.