Azərbaycanda eşşək ferması yaradılıb və ondan alınan süd açıq-aşkar şəkildə reklam olunaraq, satılır.
FED.az xəbər verir ki, bu haqda “Yeni Müsavat” məlumat yayıb. Artıq sosial şəbəkələrdə “Donkey milk” adlı qurum mütəmadi olaraq pasterizə edilmiş eşşək südü satması ilə bağlı elanlar verir.
Qəzetin əməkdaşı elanla bağlı adıçəkilən qurumla əlaqə saxlayıb. Ümid adlı şəxs bildirib ki, artıq Azərbaycanda da ilk eşşək ferması yaradılıb və burada istehsal olunan südün qiyməti o qədər də baha deyil: “Bizim ferma Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşir. Qeyd edim ki, bu ferma Azərbaycanda, eləcə də Qafqazda ilk eşşək fermasıdır. Buradakı heyvanlarımızın hamısı həkim nəzarətindən keçib, peyvənd olunub. İstehsal etdiyimiz süd isə standartlara uyğun qablaşdırılır, bu barədə sertifikatımız da var.
Qiymətə gəldikdə isə, süd əsasən 200 və 500 qramlıq şüşələrdə satılır. 200 qramlıq süd 16 manat, 500 qramlıq süd isə 40 manatdır. Hətta 500 qramlıq süd alan müştəriyə 200 qram süd hədiyyə veririk.
Eşşək südü almaq istəyən şəxs fermamıza müraciət edə və yaxud ünvanına sifariş edə bilər".