Bu gün Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib. Forum İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların təşviqi Fondunun ("Azpromo") təşkilatçılığı ilə baş tutub.
Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, enerji, sənaye, İKT, maliyyə, səhiyyə, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən 140-a yaxın şirkət iştirak edib.
Biznes forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycan üçün iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir: “Sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, ölkəmizin ixrac imkanlarının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təbliği istiqamətində həyata keçirilən nəticəsini verir”.
N. Səfərov iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın olduğunu vurğulayıb: “İki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün potensialın mövcuddur. O, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Biznes forumda çıxış edən İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda Azərbaycanla əməkdaşlığın 3 istiqamətdə inkişaf etdiyini bildirib.
Onun sözlərinə görə, bu istiqamətlər enerji sahəsi, İtaliyada istehsal olunmuş məhsullar, sənaye sahəsində əməkdaşlıqdır. "Enerji sahəsində əməkdaşlıqda “Trans-Adriatik” Boru Kəməri (TAP) layihəsi böyük əhəmiyyətə malikdir. Eyni zamanda, uzun müddətdir ki, Azərbaycandan böyük həcmdə neft və neft məhsulları əldə edirik”.
Əməkdaşlığın ikinci istiqamətinə gəldikdə K. Kalenda vurğulayıb ki, bu İtaliyada istehsal olunmuş "Made in Italy" məhsulları sahəsində əməkdaşıqdır: “Bakıda çoxsaylı İtaliya markalarının nümayəndəlikləri açılıb”.
İtaliyalı nazirin fikrincə, 3-cü istiqamət isə sənaye sahəsində layihələrin təşviq edilməsidir: “Hazırda Azərbaycanla əməkdaşlıq etmək istəyən 4 böyük italyan şirkəti var. Bu şirkətlər ölkəyə böyük sərmayə yatırmaq istəyirlər. Bunlar metallurgiya, fındıqçılıq, müdafiə sənayesi, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərdir".