Bakı Beynəlxalq Dəniz Ticarət Limanı MDB məkanındakı bu tipli limanlar arasında ilk dəfə “Yaşıl liman” statusu alacaq.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov məlumat verib.
“Söhbət Bakı limanının təbiətə az zərər vuran, enerji səmərəli infrastruktura malik olmasından, bu istiqamətdə müasir texnologiyalardan istifadə etməsindən gedir. “Yaşıl liman” statusunun əldə edilməsi qarşıya məqsəd kimi qoyulub və bununla bağlı Avropa İttifaqı ilə birgə iş aparılır”, - deyə o, qeyd edib.
T.Ziyadov həmçinin deyib ki, Bakı limanında aparılan tikinti işlərinin I mərhələsi gələn ilin ortalarında başa çatdırılacaq: “Son nəticədə liman 15 mln. ton yük aşırmaq gücünə malik olacaq. Bu da kifayət qədər böyük tonnajdır və önümüzdəki 2-3 il ərzində Asiyadan Avropaya gözlənilən yük daşınması ilə bağlı tələbatı ödəməyə imkan verəcək”.
Bundan başqa, onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilkin mərhələdə Bakı limanı vasitəsilə aşırılan yüklərin həcmini təxminən 1 mln. ton artıracaq: “Bu dəmir yolunun hesabına Azərbaycanda Türkiyənin Mersin limanına, eləcə də Avropa İttifaqı ölkələrinin limanlarına böyük həcmdə yüklər daşınacaq”.