Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ötən ilə nisbətən cari ildə yük aşırımının həcmində artım gözləyir. Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.
"Ötən il qlobal maliyyə böhranı səbəbindən aşırımın həcmində bəlli bir eniş müşahidə olunub. Bizim proqnozlarımıza görə, bu il liman üzərindən aşırılan yüklərin həcmi 4 milyon tondan çox olacaq. Bununla yanaşı, bizim proqnozlarımıza əsasən, bu artım dinamikası növbəti illərdə də müşahidə olunacaq", - deyə T. Ziyadov qeyd edib.
Baş direktor əlavə edib ki, limanın tikintisi qrafikə uyğun şəkildə davam etdirilir: "Ölkə başçısının tapşırığına uyğun olaraq, birinci mərhələdə nəzərdə tutulmuş bütün işlər tamamlanacaq. Hazırda limanının tikintisi üzrə işlərin 60-65%-i tamamlanıb".