İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətində Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Texniki Tənzimləmə üzrə Agentliyinin (O’ZTTA) rəhbərliyi ilə görüş keçirilib.
Dövlət Xidmətindən FED.az-a bildirilib ki, görüş zamanı Dövlət Xidməti tərəfindən keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, həmçinin qarşıya qoyulan hədəflərin reallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib. Tərəflər, həmçinin iki ölkə arasında müvafiq sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib, qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
Ölkəmizə səfər çərçivəsində Özbəkistanın Texniki Tənzimləmə Agentliyinin rəhbərliyi Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşma İnstitutunda (AZSTAND) da görüş keçiriliblər. Görüşün sonunda AZSTAND və O’ZTTA arasında 2023-2024-cü illər üçün Əməkdaşlıq Proqramı imzalanıb. Sənədə əsasən, tərəflər texniki reqlamentlər və onların istinad standartlarının hazırlanması, qəbulu və tətbiqi sahəsində qarşılıqlı təcrübə mübadiləsi həyata keçirəcək, həmçinin dövri nəşrlərin mübadiləsi, standartlaşdırma üzrə texniki komitələrin fəaliyyətinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq edəcəklər.
Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və O’ZTTA nümayəndələri arasında görüşdə isə uyğunluğu qiymətləndirən qurumlara dair tələblərin formalaşdırılması və səlahiyyətlərin verilməsi, o cümlədən qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.