İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Meksika Konqresinin üzvü və Meksika-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Alberto Viya Viyeqasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZPROMO-dan FED.az-a bildirilib ki, qurumun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyət istiqamətləri haqqında məlumat verərək, ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələrin olduğunu bildirib. Bu münasibətlərin iqtisadi müstəvidə də inkişaf etdirilməsi məqsədilə cari il ərzində agentliyin nümayəndə heyətinin Meksikaya planlaşdırılan səfəri zamanı qarşıya qoyulan hədəflər haqqında məlumat verilib, ölkədə fəaliyyət göstərən mühüm şirkətlərlə görüşlərin keçirilməsinin səfər proqramına daxil olduğu qeyd edilib.
Meksika Konqresinin üzvü Alberto Viya Viyeqas ölkələrimiz arasında ticarət mübadiləsinin genişlənməsi, xüsusilə Azərbaycandan Meksikaya ixrac əməliyyatlarının artırılması perspektivlərini yüksək qiymətləndirib. Meksika konqresinin rəsmisi hər iki ölkənin səfirlərinin bu istiqamətdə aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb, o cümlədən AZPROMO-nun planlaşdırılan səfəri zamanı əlaqələndirmə işlərində dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.
Görüşdə iştirak edən Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero ölkəsində həyata keçirilən irimiqyaslı infrastruktur layihələri haqqında bəhs edərək, ölkəmizin Meksika şirkətləri ilə ikitərəfli investisiya tərəfdaşlığının qurulması istiqamətində birgə tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.