İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nümayəndə heyəti Naxçıvana səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Naxçıvan və Şərurda - Tekstil Fabrikləri Açılacaq
AZPROMO-dan FED.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə dövlətimizin başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsinin Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanmasına zəmin yaratdığı qeyd olunub.
Naxçıvanın sosial-iqtisadi inkişafına dair 5 illik - Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM
Fuad Nəcəfli bildirib ki, sahibkarlığın və ixracın stimullaşdırılması istiqamətində aktiv şəkildə tədbirlər görülür. Yerli məhsulların ixrac bazarlarında tanıdılması, regionun ixrac potensialının reallaşdırılması üçün AZPROMO ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Naxçıvanın mühüm ixrac potensialını nəzərə alaraq, ixracın təşviqi mexanizmlərinin daha səmərəli tətbiq edilməsinin önəmini vurğulayıb. Burada istehsal olunan məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə logistika subsidiyalarının tətbiq edilməsinin muxtar respublikanın ixrac potensialının reallaşdırılmasına əhəmiyyətli töhfə verəcəyi bildirilib.
Görüşdə AZPROMO ilə daha sıx və davamlı kommunikasiyanın qurulması məqsədilə Agentliyin Naxçıvanda nümayəndəliyinin açılmasına dair fikir mübadiləsi aparılıb.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşdə Naxçıvanın ixrac coğrafiyasının genişləndirilməsi, sahibkarlara aktiv dəstəyin göstərilməsi, bu müstəvidə sahəvi görüşlərin keçirilməsi məsələlərini qeyd edilib. Görüşdə ixracın təşviqi məqsədilə AZPROMO ilə əməkdaşlıq çərçivəsində biznes planların tərtib edilməsi təklif olunub.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Naxçıvandan ixrac həcmlərinin artırılması üçün sahibkarların beynəlxalq sərgilərdə və ixrac missiyalarında iştirakı istiqamətində Agentliyin özəl sektora dəstək göstərməyə hazır olduğunu deyib.
Görüşdə "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinin və logistikanın subsidiyalaşmasının tətbiq edilməsi üçün imkanlar müzakirə olunub. Tərəflər AZPROMO-nun Naxçıvanda nümayəndəliyinin yaradılması ilə bağlı fikirlərini bölüşüblər.
Növbəti görüş Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova ilə keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Naxçıvanın perspektivli ixracyönümlü aqrar sahələri və əkinçilərin qarşılaşdıqları məsələlər haqqında məlumat verib, kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixracının təşviqi məqsədilə AZPROMO-nun göstərəcəyi dəstəklə bağlı məsələlər müzakirə edilib.
Sonra muxtar respublikada fəaliyyət göstərən sahibkar və investorlarla görüş olub. İxrac potensiallı məhsul istehsal edən sahibkarlar və investorlarla Naxçıvandan ixrac prosesi zamanı bütün mərhələlərdə müşahidə olunan əsas məsələlər müzakirə edilib, ixrac coğrafiyasının genişləndirilməsi barədə geniş müzakirələr aparılıb. Tədbirdə AZPROMO tərəfindən ixracın təşviqi mexanizmlərinə dair təqdimat nümayiş olunub, sahibkarlar və investorları maraqlandıran suallar cavablandırılıb.
Nümayəndə heyəti Naxçıvanda fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi ilə də tanış olub