Qahirədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumunun (GAFI) birgə təşkilatçılığı ilə Misir və Azərbaycanın biznes dairələri arasında görüş keçirilib. Tədbirdə hər iki ölkədən sənaye, qida, əczaçılıq, bərpa olunan enerji, mühəndislik, tikinti və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.
Azərbaycan KOB-ları Misirin "Elsewedy Electric" şirkətinin təchizatında - İŞTİRAK EDƏ BİLƏR
AZPROMO-dan FED.az-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov ölkələr arasında ortaq siyasi və iqtisadi maraqlara əsaslanan tərəfdaşlığın bu tədbir sayəsində daha da inkişaf edəcəyinə dair əminliyini ifadə edib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev bu ilin yanvar ayında ölkə başçılarının, eləcə də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan iş adamları ilə görüşlərinin Qahirədəki tədbirin keçirilməsinə möhkəm zəmin yaratdığını qeyd edib. Tədbirdə Azərbaycan-Misir İşgüzar Şurasının sahibkarlar arasında investisiya sahəsində daha sıx əməkdaşlığın qurulmasında və qarşılıqlı ticarətin artırılmasında əhəmiyyətli rol oynayacağı vurğulanıb.
Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumunun prezidenti Hössəm Heyba ölkələrimiz arasında biznes və investisiya imkanlarının səmərəli istifadəsi üçün biznes dairələri arasında birbaşa təmasların artırılması və hər iki ölkədə yaradılan təşəbbüslərdə özəl sektorun iştirakının vacibliyini bildirib. Azərbaycanlı iş adamları Misirdə fəaliyyət göstərmək üçün dəvət olunub.
Tədbir çərçivəsində AZPROMO və GAFI arasında investisiyaların təşviqi sahəsində 2023-2025-ci illəri əhatə edəcək İcra Proqramı üzrə Anlaşma Memorandumu imzalanıb.
Görüşdə, həmçinin GAFI, Ələt Azad İqtisadi Zonası (AFEZ) və Süveyş Kanalı İqtisadi Zonasının (SCZONE) nümayəndələri tərəfindən təqdimatlar nümayiş olunub.