İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı “Made in Azerbaijan” məhsullarına növbəti sərbəst satış sertifikatları (Free Sale Certificate) təqdim edib.
FED.az xəbər verir ki, sertifikatlar Azərbaycanda istehsal olunan un məmulatlarının ixracı üçün verilib. İlkin mərhələdə 100 tondan artıq məhsulun ixracı nəzərdə tutulub.
“Azexport” portalı tərəfindən ümumilikdə, 2018-ci ilin aprel ayından 2024-cü ilin may ayına qədər 706 adda məhsula sərbəst satış sertifikatı verilib. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinliklər yaranmış Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan və digər Cənub-Şərqi Asiya, Cənubi Amerika, Afrika, Qərbi Avropa, Okeaniya və Ərəb ölkələrinə ixracını asanlaşdırıb.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyir.