“Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə içməli su təchizatı və tullantı su layihələrinin icrasını davam etdirir. Mingəçevir və Şəmkir şəhərlərində istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu sahədə görülmüş işlər və perspektiv vəzifələr Mingəçevir və Şəmkir şəhərlərində keçirilən təqdimatlar zamanı ətraflı müzakirə olunub.
FED.az xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətində keçirilən təqdimatda “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görülmüş işlərdən danışıb, layihənin əhəmiyyətini vurğulayıblar.
“Azərsu” ASC-nin şöbə rəisi Şöhrət Süleymanov təqdimat zamanı bildirib ki, Mingəçevir şəhərində icra olunan layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Mingəçevir şəhərini içməli su ilə təmin etmək üçün məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu və tutumu 10 min kubmetr olan su anbarı tikilib. Layihə çərçivəsində 344 km içməli su şəbəkəsinin inşası yekunlaşıb, 236 km kanalizasiya şəbəkəsinin isə 130 km-lik hissəsi inşa edilib.
Şəmkir Rayon İcra Hakimiyyətində keçirilən təqdimatda qeyd olunub ki, Şəmkir şəhərində 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmış layihə çərçivəsində ötən müddətdə su mənbələri yaradılıb, magistral su kəmərləri, anbarlar inşa olunub. Şəhərdə 251 km içməli su şəbəkəsinin tikintisi başa çatıb, 225 km tullantı su xətlərinin 175 km-lik hissəsi tikilib. Şəhərdə yaranan tullantı suları gələcəkdə tikiləcək, məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq.
2022-ci ildə tullantı su şəbəkəsinin genişləndirilməsi, yay aylarında içməli su təchizatında sabitliyin təmin edilməsi və s. məsələlər müzakirə edilib.