“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə dəyişiklik edilib.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, komissiyanın tərkibinə “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” də daxil edilib.
Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə edilən dəyişiklik barədə Türkiyə Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.
Analoji dəyişiklik “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının, Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibində də edilib. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri də bu komissiyaların üzvləri sırasına daxil edilib.