Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyində nazir müavini İlham Quliyev Moldovanın xarici işlər nazirinin müavini Lilian Dariy ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanla Moldova arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.
İ.Quliyev kənd təsərrüfatı sahəsində hər iki ölkə arasında əməklıq üçün geniş potensialın olduğunu vurğulayıb. Görüşdə nazir müavini dövlət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələri, xüsusilə aqrolizinq xətti ilə kənd təsərrüfatı texnikalarına güzəştlərin ayrılması, pambıqçılıq, tütünçülük və heyvandarlıq sahələrinə subsidiyaların verilməsi, fermer və sahibkarları torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunması barədə geniş məlumat verib və Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb.
İ.Quliyev həmçinin son üç ildə nazirlik tərəfindən müasir komplekslər - Baytarlıq şəhərciyinin tikilməsi, Rayon Kənd Təsərrüftı İdarələrinin istifadəyə verilməsi və bölgədə ən böyük Süni Mayalama Mərkəzinin yaradılması barədə məlumat verib.
Nazir müavini Moldova iş adamlarını may ayında Azərbaycanda keçiriləcək beynəlxalq kənd təsərrüfatı sərgisində iştiraka dəvət edib.
L.Dariy isə Moldova ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. L.Dariy Azərbaycanla Moldova arasında biznes imkanlarının araşdırılmasının məqsədəuyğun olduğunu, xüsusilə şərabçılıq sahəsində Moldova təcrübəsinin Azərbaycan sahibkarları üçüb maraq doğuracağına ümidvar olduğunu bildirib. O, iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün əlindən gələni əsigəməyəcəyini bildirib.
Görüşdə hər iki ölkənin səfirləri də iştirak ediblər.