İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın ölkəmizdəki səfiri Aleksandr Esaulenko ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əməkdaşlığımızın dərinləşməsində önəmi vurğulanıb, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə yanaşı, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT, bərpaolunan enerji və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinin həyata keçirilməsi Moldovanın da yerləşdiyi regionun enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.