Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Litva Sənayeçilər Konfederasiyası (LPK) arasında Azərbaycan-Litva İşgüzar Şurasının yaradılması üzrə Saziş imzalanıb.
KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair - SƏNƏD İMZALANIB
FED.az xəbər verir ki, ASK-dan verilən məlumata görə, sazişin imzalanması Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nausedanın iştirakı ilə keçirilən Litva – Azərbaycan biznes forumu çərçivəsində baş tutub.
Sənədə əsasən, İşgüzar Şura, hər iki ölkə, Azərbaycan və Litvadan olan tərəfdaş institutlar arasında biznes əlaqələrini təşviq etmək, əməkdaşlıq istiqamətləri və bu istiqamətdə qarşıya çıxacaq məsələləri konsolidasiya etmək hədəfi daşıyır. İşgüzar Şuranın üzvləri təşkilatların üzvlərindən formalaşacaq. Qurum Azərbaycan Respublikası və Litva Respublikası sahibkarları arasında ticari və iqtisadi əlaqələrin təşviqinə və genişləndirilməsinə qarşılıqlı yardım etmək və töhfə vermək üçün bütün istiqamətlərdə fəaliyyət göstərəcək.
Şuranın ilk iclasının Azərbaycanda keçirilməsi qərara alınıb.
Dövlət rəsmiləri ilə yanaşı, sənaye, maliyyə, tikinti, kənd təsərrüfatı, turizm, neft-kimya, əczaçılıq və İKT sahələrində fəaliyyət göstərən şirkət nümayəndələrinin də iştirak etdiyi forumda çıxış edən ASK-nın prezidenti Məmməd Musayev ölkəmizdə investisiya mühiti, sahibkarlığın inkişafı, eləcə də Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlıq imkanları barədə fikirlərlərini də bölüşüb.