Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edib.
FED.az biznes və maliyyə xəbərləri portalı "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ş.Mustafayev səfəri çərçivəsində İranın neft naziri Cavad Ovci ilə görüşüb.
Bu görüşdən sonra mətbuata açıqlama verən Ovci, "Azərbaycan nümayəndə heyəti ilə konstruktiv görüş keçirildi və razılaşmalar əldə olundu" deyib.
Ovci İranın nəhəng neft və qaz ehtiyatlarına toxunaraq, Azərbaycanın neft-qaz sektorunda da yaxşı imkanlara malik olduğunu və bu imkanlar əsasında iki ölkənin əməkdaşlıq edə biləcəyini deyib.
Bugünkü danışıqlarda qonşu dövlətlərdən, xüsusilə Türkmənistan qazının svop üsulu ilə Azərbaycana ixracına dair danışıqlar aparıldığını qeyd edən Ovci, “Naxçıvanla enerji sahəsində əməkdaşlıq mövzusunda razılaşma əldə olundu” söyləyib.
Ovci onu da bildirib ki, yaxın həftələrdə Azərbaycanla neft, qaz və Xəzər dənizində neft yataqlarının işlənməsi sahəsində anlaşma memorandumu imzalanacaq.
Şahin Mustafayev bildirib ki, İran və Azərbaycanın iki dost və qonşu ölkə kimi tarixi əlaqələri var.
İran və Azərbaycan arasında bütün sahələrdə, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlığın olduğunu bildirən Mustafayev, “İran və Azərbaycan arasında neft-qaz sahəsində əməkdaşlıq səmərəli olub” deyib.