“Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”ni (CEPA) imzaladıq”.
FED.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi və ticarətin liberallaşdırılmasını ehtiva edən bu Sazişin imzalanması Azərbaycan-BƏƏ strateji əlaqələrində mühüm mərhələdir və gələcək çağrışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün mühüm baza yaradır: “Sənəd ölkələrimiz arasında sərmayələrin artırılması, sənaye, ticarət, kənd təsərrüfatı, bərpaolunan enerji, maliyyə, turizm, logistika, tikinti və digər sahələrin inkişafı üçün yeni imkanlar açacaq, biznes dairələrinin əməkdaşlığını daha da genişləndirəcək”.