Bu il həm Qarabağ zonasında, həm Aranda, həm də Quba-Qusar bölgəsində arıçılıqda məhsuldarlıq yaxşı olub. Orta məhsuldarlıq cənub bölgəsində nisbətən zəif olub. Amma ümumilikdə bu il Azərbaycanda yüksək məhsuldarlıq qeydə alınıb. Məhsuldarlıq amilinə görə qiymətlərdə bir qədər enmə də müşahidə edilə bilər. Məhsuldarlığın çox olması arıçılar üçün satışda müəyyən problemlər yarada bilər.
Eləcə də bax: Azərbaycan "Qarabağ" brendli balı ilin sonunda dünya ölkələrinə - İXRAC EDƏ BİLƏR
Eləcə də bax: Azərbaycanda bal - NİYƏ BAHALAŞIB?
FED.az xəbər verir ki, bu barədə Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov “vergiler.az”a müsahibəsində danışıb.
Sədr bildirib ki, Azərbaycan balının çox cüzi hissəsi xaricə ixrac edilir. Bunun səbəbi az bal istehsal etməyimiz deyil, ortada başqa amillər var. Birinci səbəb odur ki, Azərbaycanda balın qiyməti dünya qiymətlərindən ən azı, 3 dəfə yüksəkdir. Balın qiyməti yüksək olduğuna görə xarici alıcılar Azərbaycan balına o qədər də maraq göstərmirlər. Digər məsələ odur ki, sifarişçilər arıçılardan böyük miqdarda bal alarkən məhsulun hamısının eyni növə aid olmasını, yəni bütün balların eyni cür olmasını istəyirlər. Azərbaycanda böyük arıçılıq təsərrüfatlarının sayı çox az olduğundan arıçılar sifarişçilərə eyni cür bal verə bilmirlər. Müxtəlif balları birləşdirib eyni bal növünə salmaq üçün tələb olunan avadanlıqlar da yalnız bir necə arıçıda var. Balın çox az ixrac edilməsinin səbəblərindən biri də ixrac işinin təşkil edilməməsidir. Bu məsələ ilə bağlı araşdırma aparılmalıdır. Macarıstanın “Akasiya” balı premium formasında dünya bazarına çıxarılır. Dünyada akasiya balı çoxdur, amma biyan balı azdır. Biyan müalicəvi bitki olduğundan onun balı qiymətlidir. Biz də biyan balını Azərbaycan markası olaraq, dünya bazarına çıxara bilərik.