2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $2,4 milyard təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6% çoxdur.
Elektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
İxracın strukturunda əsas həcm elektrik enerjisi ($330,4 milyon, artım 9 dəfə), pomidor ($124,2 milyon, azalma 7,4%), pambıq mahlıcı ($88,5 milyon, azalma 39,8%), ilkin formalı polipropilen ($89,8 milyon, artım 24%), qızıl ($101,8 milyon, azalma 20,7%), meşə fındığı ($78,6 milyon, artım 11,2%), 0,94% xüsusi çəkili ilkin formalı polipropilen ($72 milyon, аrtım 71%) və sopolimerlərin ($70,6 milyon, artım 2,2 dəfə) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($787,3 milyon, artım 30,7%), Türkiyə ($631,8 milyon, artım 23,5%), Gürcüstan ($240,4 milyon, artım 66,3%), İsveçrə ($112,5 milyon, azalma 17,5%) və Qazaxıstan ($78,1 milyon, artım 30,6%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 26,3%-i Türkiyənin, 32,9%-i Rusiyanın payına düşüb.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycandan qeyri-neft ixracının həcmi rekord $3 milyard 47,67 milyon təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 12,3% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq. (İnterfaks-Azərbaycan)