Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ixracı 16,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,1 mlrd. ABŞ dolları təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 mln. dollar və ya 42% artıb.
Eləcə də bax: Xurma 1-ci, karbamid 2-ci, fındıq 3-cü olub - AZƏRBAYCANIN İXRACINDA SON VƏZİYYƏT
2021-ci ilin 10 ayı ərzində qeyri-neft ixracında yeyinti məhsulları 3,2% artaraq 582,2 mln. dollar təşkil edib. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6%, üzvi kimyəvi birləşmələr 40,6%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2%, alüminium və ondan hazırlanan məmulatlar 61,7%, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3% artım qeydə alınıb.
2021-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (166,1 mln. dollar) birinci olub. Bu siyahıda pambıq mahlıcı (160,7 mln. dollar) ikinci, pomidor (tomat) (130 mln. dollar) isə üçüncü yerdə qərarlaşıb.
2021-ci ilin yanvar-oktyabr ayları ərzində Rusiya Federasiyasına 665,4 mln. dollar, Türkiyəyə 509,4 mln. dollar, İsveçrəyə 184,1 mln. dollar, Gürcüstana 131,5 mln. dollar və ABŞ-a 60,5 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Normallaşma prosesinin davam etdiyi dövrdə oktyabr ayı üzrə ixrac 2,2 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 50,4% təşkil etməklə 244,6 mln. dollar olub. 2021-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 76,5 mln. dollar təşkil edib. Qeyri-yeyinti məhsulları üzrə isə 2 dəfə artaraq 168 mln. dollar təşkil edib.
2021-ci ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (78,9 mln. dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (54,4 mln. dollar) və Braziliya üçüncü (16,3 mln. dollar) olub.
2021-ci ilin oktyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (20,1 mln. dollar) birinci, karbamid (19,9 mln. dollar) ikinci və meşə fındığı (19,7 mln. dollar) üçüncü olub.