2020-ci ildə Azərbaycandan 201 milyon 353 min dollar dəyərində 187 min 539 ton pomidor ixrac edilib. Azərbaycanın illik pomidor ixracının dəyəri ilk dəfə 200 milyon dollar səviyyəsini keçib.
Eləcə də bax: “Azərbaycan pomidor ixracını 2-3 dəfə artıra bilər”
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə pomidor ixracı miqdar ifadəsilə 7,4%, dəyər ifadəsilə 6,4% artıb.
2019-cu ildə Azərbaycandan 189 milyon 292 min dollar dəyərində 174 min 548 ton pomidor ixrac edilmişdi.
2020-ci ildə ümumi ixracının 1,5%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 11%-i pomidorun payına düşüb.
Ötən il Azərbaycandan 11 milyard 889 milyon 300 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar, 1 milyard 851 milyon 267 min dollar dəyərində neft-qaz sektoruna daxil olmayan mallar ixrac edilib. (Marja)