İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanın halal sənayesi ekosisteminin inkişafı” mövzusunda seminar keçirilib.
Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, seminarın açılış mərasimində çıxış edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli vurğulayıb ki, hazırda halal iqtisadiyyat dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir və Azərbaycanda halal sənayesi ekosisteminin inkişafı ölkənin ixrac və turizm potensialını genişləndirmək üçün əlavə imkanlar yaradır. Bildirilib ki, ölkədə qeyri-qida sahəsində keyfiyyət infrastrukturuna cavabdeh qurum kimi AİBNDX Azərbaycanda Halal Keyfiyyət Sisteminin qurulmasında fəal iştirak etmək üçün bütün lazımi səriştələrə malikdir. Eyni zamanda, iştirakçılara son illərdə ölkədə keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə məlumat verilib.
İslam İnkişaf Bankının Kuala Lumpurda yerləşən Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi isə seminarın iştirakçı ölkələrin müvafiq sahədə mövcud təcrübələrini öyrənmək baxımından olduqca önəmli olduğunu vurğulayıb.
Tədbirdə Türkiyə və Malayziyadan olan nümayəndələrin də çıxışları dinlənilib, təmsil etdikləri ölkələrin halal ekosisteminin inkişaf mərhələləri ilə bağlı təqdimatlar edilib.
Ümumilikdə 2 gün davam edən seminar halal sənayesi ekosistemini əhatə edib və tədbirdə ekosistemi inkişaf etdirən İslam İnkişaf Bankına üzv ölkələrin uğurlu təcrübələrinə dair fikir mübadiləsi aparılıb, dövlət və özəl sektorun nümayəndələrinin iştirakı ilə dəyirmi masalar təşkil olunub.