2018-ci ilin yanvarın 4-də saat 10:30-da "Siyəzən Broyler" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, bu barədə "Siyəzən Broyler" ASC-nin rəhbərliyi adından yayılan məlumatda deyilir.
İclasın gündəliyinə şirkətin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin yaradılması daxildir. Yenidən təşkili ilə əlaqədar komissiya yaradılacaq və ona müvafiq səlahiyyətlər veriləcək.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacib.
"Siyəzən Broyler" 1984-cü ildə tikilib istifadəyə verilib. Təyinatına görə Azərbaycanda ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatıdır. 2000-ci ildən etibarən "Siyəzən Broyler" fabriki ASC kimi fəaliyyətə başlayıb. Fabrikin illik ət istehsalı 21 min tondur. Təsərrüfatda quşların böyüdülüb saxlanılması üçün 178 bina var.