Dövlət Gömrük Komitəsi 2017-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ən çox idxal və ixrac etdiyi malları açıqlayıb. Xatırladaq ki, bu dövrdə ölkədən ümumilikdə 2 milyard 210,5 milyon dollarlıq ixrac olub.
FED.az xəbər verir ki, ilin ilk iki ayında ixracda əsas yeri neft, neft məhsulları, təbii qaz və elektrik enerjisi tutur. Bütün ixracın 88,84%-i və ya 1 milyard 827,3 milyon dollar bu məhsulların payına düşür. İxracda sonrakı yeri meyvə tərəvəz (58,4 milyon dollar və ya ümumi ixracın 2,64%-i) və plasmass (23,9 milyon dollar və ya ümumi ixracın 1,08%-i) tutur. Digər məhsulların ixracda payı 1%-ə də çatmır.
Bu dövrdə ölkəyə idxalda əsas mallar maşın və mexanizmlər, elektrik aparatları (325 milyon dollar və ya ümumi idxalın 22,39%-i), ərzaq malları (206,7 milyon dollar və ya ümumi idxalın 14,24%-i), qara metallar və ondan hazırlanan məmulatlar (197,3 milyon dollar və ya 13,59%) və avtomobillər (146,9 milyon dollar və ya ümumi idxalın 10,12%-i) olub.