Azərbaycanın dəniz limanları 2017-ci ilin I rübündə yük daşımalarının həcmini 2016-cı illə müqayisədə 26,1% - 2 mln. 728,5 min tona qədər artırıblar. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yüklərin ümumi həcmindən 2 mln. 610,1 min ton və ya 95,7% beynəlxalq tranzit yüklərin, 4,3% yerli yüklərin payına düşüb”, - deyə məlumatda bildirilir.
Ötən il Azərbaycanın dəniz limanlarında 9 mln. 125,9 min ton yük emal edilib.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının 17 yanalma körpüsü var (xam neft və neft məhsullarının daşınması üçün 5, taxta-şalban və digər yüklər üçün 10, sərnişindaşıma üçün 2 yanalma körpüsü). Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsinə tikilən yeni Bakı Beynəlxalq Dəmiz Limanının bərə terminalı istifadəyə verilib.