Dünya Bankının yeni proqnozuna əsasən, son dörd ildə ilk dəfə olaraq 2021-ci ildə Azərbaycanın xaricdən cəlb etdiyi birbaşa investisiyaların həcmi, ölkənin xaricə birbaşa investisiya qoyuluşunu üstələyəcək.
Eləcə də bax: Azərbaycanın cari əməliyyatlar hesabı bu il profisitə qayıdacaq - PROQNOZ
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, 2021-ci ildə Azərbaycanın xalis birbaşa investisiya balansı profisitli olacaq (yəni xaricdən cəlb etdiyi birbaşa investisiyalar göndərdiyi birbaşa investisiyaları üstələyəcək) və ÜDM-in 1,3%-ni təşkil edəcək. 2022-ci ildə bu göstəricinin ÜDM-in 1,2%-nə, 2023-cü ildə isə 1,1%-nə bərabər olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan xaricə 825,3 mln ABŞ dolları dəyərində birbaşa investisiyalar göndərib və 55,5 mln. dollar məbləğində xaricdən birbaşa investisiya cəlb edib. Beləliklə, xalis birbaşa investisiya balansının kəsiri 769,8 mln. dollar və ya ÜDM-in 1,8%-ni təşkil edib.
Xatırladaq ki, 2019-cu ildə isə ölkə xaricə 2 431,7 mln. dollar xaricə birbaşa investisiya qoyub və 1 053,1 mln. dollar birbaşa investisiya cəlb edib. Beləliklə, xalis birbaşa investisiya balansının kəsiri 1 378,6 mln. dollar və ya ÜDM-in 2,9%-ni təşkil edib. (Apa)