Martın 10-14-də Qətərin paytaxtı Dohada keçirilmiş 9-cu Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisinin azərbaycanlı iştirakçıları əməkdaşlığa dair bir sıra razılaşmalar əldə edib, müqavilə imzalayıblar.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Məlumata görə, sərgi çərçivəsində alüminiumun təkrar emalı ilə məşğul olan Azərbaycan şirkəti xarici şirkətlə ixraca dair müqavilə imzalayıb.
Azərbaycan pavilyonu və burada nümayiş olunan kənd təsərrüfatı, qida və ətraf mühit sahələri üzrə məhsul və xidmətlərimiz də sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. Xüsusilə də Bakı, Qəbələ və Cəlilabad rayonlarında fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi zəfəran, lavanda və çiyələk məhsullarına maraq böyük olub.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı və ölkəmizin Qətərdəki Səfirliyinin koordinatorluğu ilə Azərbaycan pavilyonunda 11 mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətləri nümayiş olunub.