Bu ilin iyul ayında Azərbaycandan Ermənistana 243,5 min dollar dəyərində məhsul ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Ermənistana ixrac iyun ayı ilə müqayisədə 5 milyon 612,4 min dollar (24 dəfə) azalıb. Belə ki, iyun ayında Azərbaycandan Ermənistana 5 milyon 855,9 min dollarlıq ixrac edilmişdi.
Azərbaycandan Ermənistana ixrac ötən ilin dekabr ayından etibarən başlayıb. Belə ki, ötən ilin dekabrında Azərbaycandan Ermənistana 788,8 min dollar dəyərində məhsul ixrac edilib.
Bundan başqa, bu ölkəyə cari ilin yanvar ayında 2 milyon 403,6 min dollarlıq, fevral ayında 1 milyon 816,7 min dollarlıq, mart ayında 1 milyon 537,2 min dollarlıq, aprel ayında 3 milyon 888,7 min dollarlıq, may ayında isə 1 milyon 626,5 min dollarlıq məhsul ixrac edilib.
Cari ilin ilk yeddi ayında Azərbaycandan Ermənistana ixracın həcmi 17 milyon 372,1 min dollar, Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri bərpa ediləndən bəri ticarət dövriyyəsi isə 18 milyon 160,9 min dollar olub.
Azərbaycandan Ermənistana əsasən 95 və 98 benzinlər (2,8 milyon dollar), dizel yanacağı (14,2 milyon dollar) və bir qədər plasmast inşaat materialları (110 min dollar) ixrac edilib.
Qeyd edək ki, bu ilin ilk 7 ayında Azərbaycanın ixracı 19 milyard 335,6 milyon dollar, idxalı 9 milyard 880,7 milyon dollar olub. İllik müqayisədə ixrac 4 milyard 108,6 milyon dollar (27%) artıb, idxal isə 3 milyard 734,1 milyon dollar (27,4%) azalıb.
Yekunda bu ilin ilk yeddi ayında xarici ticarətin müsbət saldosu 9 milyard 454,9 milyon dollara çatıb ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyard 842,7 milyon dollar və ya 5,9 dəfə daha çoxdur.













