Azərbaycanda yerli malların vahid məlumat bazası yaradılır.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanda istehsal olunan məhsullarla bağlı bütün məlumatları əks etdirəcək portal yaradılır. Məqsəd sahibkarlıq sahəsində son illər əldə olunan inkişafın davamlılığını təmin etmək, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanını artırmaq, beynəlxalq bazara inteqrasiya prosesini sürətləndirməkdir. İstehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirəcək portal qısa müddət ərzində istifadəyə veriləcək. İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bununla bağlı işləri davam etdirir. Bu, yerli məhsulların xarici bazarlara çatdırılmasına da öz töhfəsini verəcək”, - deyə V.Qasımlı qeyd edib.
V.Qasımlı diqqətə çatdırıb ki, hazırda logistika və nəqliyyat şirkətləri ilə də danışıqlar aparılır. Biz, həm də hazırda Azərbaycanın yerli məhsullarının portalının beynəlxalq səviyyədə tanınmış çox nüfuzlu portallarla, elektron ticarət saytları ilə inteqrasiya edilməsi üzərində işləyirik. İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Made in Azerbaijan” brendinin daha da tanıdılması ilə bağlı öz fəaliyyətini davam etdirir.