İpəkçiliyin inkişafı ilə məşğul olan “Şəki-İpək” ASC faktiki olaraq fəaliyyətini dayandırıb. FED.az “İpəkçi” qəzetinə istinadən bildirir ki, ipəyi xaricə sata bilməyiblər, üstəlik toxunan xalçanın m2-i niyə 1400 dollara başa gəldiyinə hələ də bir açıqlama verən yoxdur.
2016-cı ildə barama istehsalına hələ subsidiya ayrılmamışdı. O vaxt "Şəki-İpək" ASC yaş baramanı öz qapısında kq-na 8 manat ödəməklə satın almışdı. Emaldan sonra məlum oldu ki burada hasil olunan 1 kq xam ipək 82 dollara başa gəlib.
Bunu adi məktəbli uşaq da asanlıqla hesablaya bilər. 70 000 kq yaş baramanın qiyməti (70 000 X 8)
560 000 min manatdır.
70 000 kq yaş baramadan 25 000 kq quru barama, 25 000 kq quru baramadan isə 8 333 kq xam ipək hasil edilir. Təxminən 300 işçiyə orta hesabla SMF-na ödənişlər də daxil olmaqla hər ay 300 manat məvacib verilibsə bu edir ayda 90 min manat. Əgər Baramaaçan istehsalatı 4 ay işləyibsə, deməli 4 ayda 300 nəfər təxminən 360 min manat məvacib alıb. İndi 360 000 manatı 70 ton baramaya ödənmiş pulun üstünə gələk: 560 000+360 000=920 000. 920 000 manat 70 ton baramaya ödənilən pul ilə, 70 ton baramanı emal edən kollektivə verilmiş pulun cəmidir. 920 000 manata 8 300 kq xam ipək hasil olub. 920 000 manatı 8 300-ə böləndə 110 manat 80 qəpik edir. Bu 1 kq ipəyin ilkin maya dəyəridir. Buraya qazanxananın təmiri üçün, elektrik üçün, qaz, yaxud mazut üçün ödənişləri də əlavə etsəydik 1 kq xam ipəyin maya dəyəri daha çox görünə bilərdi...
Lakin 2016-cı ildə dünya bazarında xam ipəyin 1 kq-ının qiyməti 40 dollar civarında idi. Hətta Türkmənistan öz ipəyinin kq-ı 37 dollara satışa çıxarmışdı. "Şəki-İpək" ASC-nin mütəxəssisləri, ekspertləri yaylıq götürüb ağladılar ki, bəs ipək parçaya Azərbaycanda tələbat yoxdur, dünya bazarına isə çıxa bilmirik, çünki bizdə ipək parça dünya bazarından 2 dəfə baha qiymətə başa gəlir; əgər yaş baramanın kq-nı 8 manatdan deyil, 4 manatdan satın alsaq, o zaman hər şey qaydasına düşər və dünya bazarına çıxmaq şansı qazana bilərik. Növbəti il dövlət "Şəki-İpək" ASC üçün baramanın satınalma qiymətini 4 manata endirdi. Bundan sonra məlum oldu ki parçanı bişirmək və gülləmək üçün avadanlıqlar köhnəlib, standartlara, müasir tələblərə cavab vermir. "Şəki-İpək" ASC yalnız İrana və Türkmənistana bir az xam parça sata bildi, vəssalam. Məhsulu anbarlara yığdılar, fevralın 1-dən etibarən baş müəssisənin hələ işləyən istehsalat və sexlərində də işin dayandırılması qərara alındı. Bir qədər əvvəl, yanvarın 15-də isə baramanın tükənməsi səbəbindən Baramaaçan istehsalatında iş dayandırılmış və 250 nəfər işçi öz hesablarına, Həmkarlar Təşkilatının gözü qarşısında heç bir kompensasiya ödənilmədən, 5-6 aylıq məzuniyyətə göndərilmişdir. "Şəki-İpək" ASC İdarə heyəti sədrinin müşaviri Teymur Musayevlə telefon əlaqəsi yaradaraq vəziyyətə aydınlıq gətirməsini xahiş etdik. Bildirdi ki xammalın olmaması səbəbindən Baramaaçan istehsalatı yalnız iyun ayında fəaliyyətə başlayacaqdır...
Baş müəssisədəki bir çox istehsal sahələri isə ümumiyyətlə heç işə düşməmişdir. Məsələn Pambıq əyirici sex xammalın olmaması səbəbindən ötən ilin sentyabrından dayanıb.
Respublikada bu il 200 min tondan artıq pambıq tədarük olunduğuna baxmayaraq, "Şəki-İpək" ASC sap istehsal etmək üçün mahlıc ala bilməyib. Və həmin sexin 40-50 nəfər işçisi heç bir kompensasiya ödənilmədən işsiz qalıb. "Şəki-İpək" ASC İdarə heyəti sədrinin müşaviri Teymur Musayev Pambıq əyirici sexin işləməməsinin səbəbini konkret olaraq "pambıq vermədilər" deyə cavablandırdı və bundan başqa bir şey deyə bilməyəcəyini bildirdi.
İşə düşməmiş digər istehsal sahəsi isə xalça sexidir:
Bu artıq neçə ildir işləmir, azı 50 nəfər də heç bir kompensasiya odənilmədən orada işsiz qalıb. Həmin sexdə ipək xalçalar toxunurdu. Sex fəaliyyətə başlayanda xalçanın 1 m2-i 400 dollara başa gəlmişdi və dünya bazarında İranın Qum şəhərinin, Türkiyənin Bursa şəhərinin məşhur ipək xalçaları ilə rəqabətə davam gətirə bilərək satılırdı. Sonra "Şəki-İpək" ASC-nin bütün inzibati xərclərini atdılar xalçanın üstünə, xalçanın 1 m2-nin qiyməti oldu 1400 dollar, alan olmadı, anbarlarda yığılıb qaldı, satılmadı. Axı bu xalçanın m2-i niyə 1400 dollara başa gəlməlidir ki? İpək ucuz, ucuz işçi qüvvəsi, cəmi 120 manat maaş alırdılar, benzin işlətmir, yağ işlətmir, quru taxtanın üstündə oturub xalça toxuyurdular, 120 manata qane idilər... İpək yoxdur, yun xalça toxusunlar. Heç bir halda xalça sexinin işi dayana bilməzdi. Prezidentin göstərişi var, hər yerdə yeni iş yerləri açılır, hər il neçə-neçə xalça sexi açılır. Burada isə xalça sexi var, xalça toxuyan mütəxəssislər var, yer var, xammal var, təcrübə var, dəzgah var, amma sex işləmir. Niyə?! "Şəki-İpək" ASC İdarə heyəti sədrinin müşaviri Teymur Musayev sexin işləmədiyini təsdiqləsə də səbəbini izah etmək istəmədi.
Azərbaycanda xalçanın 1 m2-i niyə 1400 dollara başa gəlir?
14:35
29 Yan 2018