1 iyul 2017-ci il tarixindən başlayaraq Azərbaycanda Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqinə başlanılır. CRS nədir, maliyyə məlumatlarının mübadiləsi necə aparılacaq, maliyyə institutlarının öhdəsinə nə düşür? Bu kimi məsələlərə Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadə öz müsahibəsində aydınlıq gətirib.
FED.az müsahibəni sizə təqdim edir.
- Zaur müəllim, maliyyə məlumatlarının daha səmərəli mübadiləsi üçün Azərbaycanda Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi nəzərdə tutulub. CRS nədir və bu standart hansı ölkələrdə tətbiq edilir?
- Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard - CRS) vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standart 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanıb.
Maliyyə məlumatlarının mübadiləsi Avropa Şurası və OECD-nin «Vergi məsələlərində qarşılıqlı inzibati yardım haqqında» çoxtərəfli Konvensiyası əsasında aparılır. Azərbaycan bu Konvensiyanı 2003-cü ildə, ona düzəlişlər edilməsi haqqında Protokolu isə 2014-cü ildə imzalayıb. Konvensiya 105 ölkə ilə vergi məqsədləri üçün məlumat mübadiləsinin aparılmasına imkan verir.
Konvensiyanın 6-cı maddəsi avtomatik məlumat mübadiləsinin aparılmasını, yəni vergi ili bitdikdən sonra konvensiyanın üzvü olan bir dövlət tərəfindən digər üzv dövlətin fiziki və hüquqi şəxslərinin həmin dövlətdəki maliyyə institutlarında olan hesabları və əməliyyatları haqqında məlumatların ümumiləşdirilərək digər dövlətə göndərilməsini nəzərdə tutur. Yeni standarta əsasən, konvensiyaya üzv olan dövlətlərin səlahiyyətli orqanları «Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma»nı imzalamaqla, mübadiləni orada qeyd olunmuş vahid formatda aparmaq barədə razılıq əldə edirlər. Razılaşma 2014-cü ildə Berlində imzalanmaya açıq elan olunub və indiyədək 101 dövlətin səlahiyyətli orqanı həmin sənədə qoşulub.
Razılaşmaya qoşulan səlahiyyətli orqanlardan bir qismi 2017-ci ildə, digər qismi isə gələn ildən başlayaraq məlumat mübadiləsinin Ümumi Hesabatlılıq Standartına (CRS) uyğun aparılmasına hazır olduqlarını bəyan edib. Mübadiləyə hələ hazır olmayan dövlətlər, əsasən, bunun üçün lazımi daxili qanunvericilik və elektron infrastruktura malik olmayan dövlətlərdir.
- Bu standart çərçivəsində hansı məlumatlar mübadilə olunur və hesabatda nə kimi məlumatlar öz əksini tapmalıdır?
- CRS-ə müvafiq olaraq, illik avtomatik əsaslarda maliyyə institutlarında olan hesablar üzrə müvafiq məlumatlar, o cümlədən təqvim ilinin sonuna hesabın qalığı, il ərzində əldə edilmiş gəlirlərin ümumi məbləği və CRS ilə müəyyən olunan digər zəruri məlumatlar mübadilə ediləcək.
Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli qərarı ilə xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi hədləri və qaydaları artıq təsdiq edilib. Həmin sənəddə maliyyə institutları tərəfindən elektron hesabatda əks olunmalı məlumatlar, e-hesabatın Vergilər Nazirliyinə təqdim edilməsi forması və müddəti, e-hesabatın dəyişdirilməsi və digər məsələlər öz əksini tapıb.
- Ölkəmiz bundan əvvəl də oxşar bir sənəd - Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı, qısaca FATCA adlanan məlumat mübadiləsi sisteminə qoşulmuşdu. Mümkünsə, CRS və FATCA arasında əsas fərqlərin nədən ibarət olduğunu şərh edərdiniz...
- 2015-ci ildə «Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş» (Hökumətlərarası Saziş) imzalanıb və həmin sənəd 2015-ci ilin 5 noyabr tarixindən qüvvəyə minib.
FATCA Azərbaycanda olan ABŞ vətəndaşları və rezidentlərinin maliyyə hesabları barədə məlumatların ABŞ tərəfinə, eləcə də ABŞ-da olan Azərbaycan rezidentlərinin maliyyə hesabları barədə məlumatların ölkəmizə ötürülməsini nəzərdə tutur. Bu baxımdan, FATCA üzrə iki yurisdiksiya (ABŞ-Azərbaycan) arasında avtomatik məlumat mübadiləsi həyata keçirilir.
FATCA-dan fərqli olaraq, CRS Çoxtərəfli Saziş əsasında tənzimləndiyindən, tərəfdaş yurisdiksiyalarla maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsini nəzərdə tutur. Tərəfdaş yurisdiksiyaların sayı hər bir ölkənin öz seçimi əsasında müəyyənləşir və Çoxtərəfli Sazişə qoşulmuş bütün ölkələri əhatə edir.
CRS - OECD-nin Qlobal Forumu tərəfindən FATCA-nın prinsipləri əsasında hazırlanıb. Bu baxımdan, bir çox yoxlama prosedurlarına yanaşma, əsasən, eynilik təşkil edir.
- CRS əsasında maliyyə məlumatlarının mübadiləsi zamanı bütün maliyyə institutları hesabat verməlidirmi? Hesabat verməli olan maliyyə institutlarının vəzifələri nədən ibarətdir?
- Mövcud qanunvericiliyin müddəalarına əsasən, bank fəaliyyəti, həyatın yığım sığortası və annuitet sığortası fəaliyyəti, depozitar fəaliyyəti, qiymətli kağızların (veksellər, depozitar qəbzi və sair), törəmə maliyyə alətlərinin, xarici valyutaların məzənnə, faiz dərəcəsi və indeks alətləri, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin müştəri üçün və ya müştərinin adından aparılan ticarət fəaliyyəti və investorların portfellərinin idarə edilməsi fəaliyyəti kimi fəaliyyətlərdən ən azı birini həyata keçirən vergi ödəyicisi maliyyə institutu hesab olunur.
Maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olan maliyyə institutları müvafiq qaydada hesabat verməlidirlər. Maliyyə institutlarının əsas vəzifəsi beynəlxalq müqavilələrin tələblərindən irəli gələrək CRS üzrə hesabat verilməli hesabları müəyyənləşdirmək, bu sahədə hərtərəfli yoxlama prosedurları tətbiq etmək və bu hesablar barədə məlumatları yuxarıda qeyd olunan qərarla müəyyən edilmiş hədlərdə və qaydada Vergilər Nazirliyinə ötürməkdir.
- Ölkəmizdə CRS-in tətbiqinə nə vaxtdan başlanılır və Azərbaycanın digər tərəfdaş yurisdiksiyalarla məlumat mübadiləsi nə vaxta planlaşdırılır?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 4 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»ndə ölkə hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlərlə maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması nəzərdə tutulub.
Sərəncamın icrasını təmin etmək məqsədilə «Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma»ya qoşulmaq barədə bəyanat imzalanıb. Razılaşmaya qoşulmaqda əsas məqsəd Çoxtərəfli Razılaşmanın məlumat mübadiləsinin aparılma müddəti və qaydasına əsasən, tərəfdaş yurisdiksiyaların rezidentləri olan fiziki və hüquqi şəxslərin hesabat verilməli hesablarının qalığı (dəyəri) və digər məlumatların ümumiləşdirilərək həmin yurisdiksiyalara göndərilməsi, eyni zamanda bu yurisdiksiyalarda Azərbaycan Respublikasının rezidentləri olan fiziki və hüquqi şəxslərin hesabat verilməli hesablarının analoji məlumatlarının mübadilə edilməsidir.
İmzalanmış bəyanata əsasən, Azərbaycanda CRS-ın tətbiqinə 1 iyul 2017-ci il tarixdən başlanılır. 1 iyula qədər maliyyə institutlarında mövcud olan hesablar «əvvəlcədən mövcud olan hesablar» sayılır. Standartın tətbiqinə başlanılan tarixdən «əvvəlcədən mövcud olan hesablar»ın hesabat verilməli hesab olub-olmadığını maliyyə institutları sərəncamlarında olan və mənbəyi bəlli olan mövcud məlumatlar əsasında müəyyən edəcəklər. 1 iyul 2017-ci il tarixdə və ondan sonra maliyyə institutlarında açılmış hesablar isə «yeni hesab» sayılır. Bu tarixdən sonra maliyyə institutlarına hesab açmaq üçün müraciət etmiş hər bir şəxs özünüqiymətləndirmə anketi dolduracaq. Qeyd olunan anket maliyyə institutları tərəfindən hesabın hesabat verilməli hesab olduğunu müəyyən etmək üçün aparılacaq araşdırmalarda istifadə olunacaq.
CRS-ə uyğun olaraq, Azərbaycanın digər tərəfdaş yurisdiksiyalarla məlumat mübadiləsi 2018-ci ilin sentyabr ayında başlanılması nəzərdə tutulub.
- CRS-ın tətbiqindən gözlənilən nəticələr nədən ibarətdir?
- İlk növbədə, CRS-in tətbiqi vergitutma baxımından şəffaflığın artırılması və vergidən yayınmanın qarşısının alınması məqsədilə vergi məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığın güclənməsinə və ümumiyyətlə, ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək. Bununla yanaşı, vergi ödəyiciləri, həmçinin digər vətəndaşlar tərəfindən büdcədən yayındırılmış vergi məbləğlərinin qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi vasitəsilə büdcəyə ödənilməsinin təmin edilməsi mümkün olacaq.
Məlum olduğu kimi, bir sıra vergidən yayınmaya meyilli şəxslər dövriyyələrin gizlədilməsi, verginin tam həcmdə hesablanmaması məqsədilə ölkənin hüdudlarından kənarda yerləşən banklarda bank hesabları açır, əməliyyatlarını həmin hesablar vasitəsilə aparır və yaxud müxtəlif sxemlərdən istifadə etməklə dövlət büdcəsinə çatacaq vergiləri ödəməkdən yayınırlar. Bank hesabları barədə ölkələrarası məlumatların mübadiləsini nəzərdə tutan bu sistemin tətbiqi belə şəxslərin və onların respublikadan kənarda olan bank hesablarının müəyyən edilməsinə imkan verəcək. Bunun nəticəsində vergi orqanı Azərbaycan vətəndaşlarının respublikadan kənarda olan bank hesablarının qalıqları və digər gəlirləri barədə geniş məlumata malik olacaq ki, bu da vergidən yayınma hallarının qarşısının alınmasına, həmin şəxslərin real gəlirlərinin müəyyən olunmasına kömək edəcək.
Azərbaycan Respublikası «Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma»nı imzalamaqla razılaşmaya qoşulmuş digər ölkələrlə maliyyə institutlarında olan hesablar barədə məlumat mübadiləsini aparmağa açıq olduğunu bəyan etdi. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının vətəndaşlarının xaricdə olan bank hesabları barədə məlumatları almaqla yanaşı, razılaşmaya qoşulmuş digər dövlətlərin vətəndaşlarının Azərbaycan Respublikasının maliyyə institutlarında olan hesabları barədə analoji məlumatları həmin dövlətlərin müvafiq orqanlarına ötürəcək. Bu da ölkəmizdə digər sahələrdə olduğu kimi, maliyyə sahəsində də şəffaflığın təmin edilməsi istiqamətində yeni bir addım olacaq.
Azərbaycanda Ümumi Hesabatlılıq Standartının tətbiqinə başlanılır
15:52
30 İyun 2017