2024-cü ilin sonunda Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatların aktivlərinin ümumi balans dəyəri 340 milyard 39 milyon manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 11 milyard 311 milyon manat (+3,4%) artım deməkdir.
İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə aktivlərin həcmində və artım tempində ciddi fərqlər müşahidə olunub. Ümumi aktivlərin həcminə görə ən böyük üçlük dəyişməz qalıb: mədənçıxarma sənayesi (149,9 milyard manat), emal sənayesi (40,1 milyard manat) və tikinti (31,8 milyard manat). Bu üç sahə birlikdə ölkə iqtisadiyyatındakı bütün aktivlərin təxminən 65%-ni təşkil edir.
Aktivlərin illik artım tempinə görə isə tamamilə fərqli sahələr liderlik edir. Ən kəskin faizli artım digər xidmət sahələrində (+352,7 milyon manat və ya +58,9%), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (+393,9 milyon manat və ya +51,3%) və daşınmaz əmlakla əlaqədar əməliyyatlar (+3,7 milyard manat və ya +37,8%) sahələrində qeydə alınıb. Mütləq rəqəmlə ən böyük artımlar da məhz daşınmaz əmlak (+3,7 milyard manat və ya +37,8%) və ticarət (+3,5 milyard manat və ya +21,2%) sektorlarında baş verib. Həmçinin emal sənayesi (+2,5 milyard manat və ya +6,7%) və tikinti (+1,9 milyard manat və ya +6,3%) sektorları da aktivlərini əhəmiyyətli dərəcədə artırıb.
Bununla yanaşı, iqtisadiyyatın 7 sahəsində aktivlərin dəyərində azalma baş verib. Ən kəskin faizli azalma maliyyə və sığorta fəaliyyəti (-271,3 milyon manat və ya -15,2%) və istirahət, əyləncə və incəsənət (-193,7 milyon manat və ya -10,7%) sahələrində müşahidə olunub. Mütləq rəqəmlə ən böyük azalma isə iqtisadiyyatın ən böyük sektoru olan mədənçıxarma sənayesində qeydə alınıb: bu sahənin aktivləri il ərzində 1,3 milyard manat (-0,8%) azalıb. Həmçinin peşə, elmi və texniki fəaliyyət (-586,3 milyon manat və ya -5,2%), su təchizatı (-349,4 milyon manat və ya -3,3%) və nəqliyyat və anbar təsərrüfatı (-97,3 milyon manat və ya -0,4%) kimi sahələrdə də aktivlərin dəyəri aşağı düşüb.










